Türkiyədə hökumət qurmaq səlahiyyəti Davudoğluna verildi

Türkiyədə yeni hökumətin qurulması ilə bağlı müzakirələr intensivləşib. Ötən gün hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar Qurumu və İdarə Heyətinin toplantısı keçirilib. İclasa partiyanın lideri Əhməd Davudoğlu sədrlik edib. Toplantı 6,5 saat davam edib və yeni hökumətin qurulması ilə bağlı məsləhətləşmələrin aparılması səlahiyyəti Əhməd Davudoğluna verilib. Bunu partiya sədrinin müavini və sözçüsü Bəşir Atalay keçirdiyi mətbuat konfransında bildirib.

 

Hakim partiyanın lideri Əhməd Davudoğlu isə ötən axşam TRT telekanalının canlı yayımında yeni hökumətin qurulması ilə bağlı sualları cavablandırıb. O, koalisiya hökumətinin qurulması üçün partiyalarla səmimi danışıqlara başlayacağını bildirib. Baş nazirin sözlərinə görə, hakimiyyət koalisiyaya qarşı olsa da, ölkə vətəndaşlarının arzusu ilə bu istiqamətdə addımlar atacaq. Əhməd Davudoğlu növbədənkənar seçki ehtimalına da toxunub.

 

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin qocaman deputatı və Cümhuriyyət Xalq Partiyasının sabiq lideri Dəniz Baykalı qəbul edib. Görüşdə həm parlamentin yeni çağırışının ilk toplantısı, həm də Türkiyənin gündəmini zəbt edən koalisiya mövzusu ətrafında müzakirələr aparılıb.

 

Hələlik isə müşahidəçilər Türkiyənin yaxın gələcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürürlər. Hər şey seçkinin qalibi Ədalət və İnkişaf Partiyasının növbəti günlərdə atacağı addımlardan asılı olacaq. Bu partiya ya parlament müxalifəti arasında dəstək axtaracaq, ya da azlıq hökuməti qurmağa başlayacaq. Hazırda isə Türkiyənin siyasi səhnəsində kiçik oyunçuların rolunun artdığı müşahidə olunur. 

Müəllif | Apa.Tv
Apa.tv