Tarif Şurası: Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir

“İlk növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Azərbaycanda təxminən 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib”.

 

APA TV-nin xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

 

O bildirib ki, dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır. Çünki Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir: "Nəzərə alsaq ki, 4500 dərman vasitəsinin müxtəlif qablaşdırma formaları var, bu, təqribən dozalardan və qablaşdırmadan asılı olaraq təqribən 20 min  dərman vasitəsi üçün qiymət tənzimlənməsi deməkdir və hər bir dərman vasitəsi üçün təqribən ən azı 10 istinad ölkəsi üzrə qiymət müqayisəsi aparılmalıdır. Ən aşağı qiymət müəyyən ediləcək və bunun əsasında da topdan və pərakəndə qiymətləri ölkədə müəyyən edilmiş olacaq".

 

İlkin Məcidovun sözlərinə görə, dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir.  İnsanlar dərmanların qiymətində dəfələrlə enmənin şahidi olacaqlar. O bildirib ki, dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək: “Bütün apteklərdə eyni qiymətlər olacaq. Bu, həm də sığorta sisteminin inkişafına töhfə vermiş olacaq. Artıq 10 istinad ölkəsi təsdiq edilib. Bütün rəqabət keyfiyyət müstəvisinə keçmiş olacaq”.


İqtisadiyyat və Sənaye Nazirliyi  yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev isə deyib ki, dərman vasitələrinin satışı ilə bağlı mövcud olan cərimələrin daha da artırılması üçün təkliflər paketi hazırlanıb. Həmin təkliflər paketi müzakirədədir. Əgər qəbul olunarsa, orada daha sərt tədbirlər nəzərdə tutulub. Onun sözlərinə görə, qiymətlərə tətbiq olunan marjalar həm topdan, həm də pərakəndə satış müəssisələri üçün 20 faiz və getdikcə reqress qaydasında azalan faizlərdən ibarətdir: “Qiymətlərə tətbiq olunan maksimal 20 faizdir. Ancaq dərmanların qiyməti artdıqca tətbiq olunan faizlər aşağı düşür. Dərmanların qiymətləri sosial əhəmiyyət kəsb edən məsələdir. Ona görə də biz dərmanların qiymətlərinin tənzimlənməsindən çox böyük müsbət nəticələr gözləyirik. Birincisi, biz hesab edirik ki, dərmanların qiymətlərində əhəmiyyətli enmələr baş verəcək. İkincisi, ölkənin bütün ərazisində bütün apteklərdə dərmanların qiyməti eyni olacaq. Üçüncüsü, vətəndaşların dərman alınması ilə bağlı çəkdiyi xərclərdə əhəmiyyətli dərəcədə azalmalar baş verəcək. Dördüncüsü, qiymət eyni olduğu üçün sahibkarlar özlərinin mallarının daha çox satılmasına şərait yaratmağa nail olmaq üçün daha keyfiyyətli mal idxal olunmasına meylli olacaqlar. Beşincisi, apteklər özlərinə daha çox müştəri cəlb etmək üçün artıq göstərilən xidmətlərin səviyyəsini artırmağa çalışacaqlar. Altıncısı, qiymətlər tam şəffaf olduğuna görə istehlakçıların bu qiymətlərə ictimai nəzarət həyata keçirmək imkanları olacaq. Bu isə həm ictimai, həm də dövlət nəzarəti ilə bu sahədə baş verə biləcək neqativ halların operativ qaydada aradan qaldırılmasına imkan verəcək”.

 

Qeyd edək ki, bu gün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə təqdimat keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv