Saymon Kleq: "Açılış mərasimindən hər bir azərbaycanlı xüsusi fəxarət keçirəcək”
Bu gün “Bakı 2015-ci il Yeniyetmələrin Təhlükəsiz və İnklüziv İdman haqqında Bəyannaməsi”nin təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, təqdimat UNICEF və Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan hökumətinin gənclərə hər zaman şərait yaratdığını bildirib: "Sabah bu tarixi hadisənin - Birinci Avropa Oyunlarının açılış mərasimi baş tutacaq. Mən əminəm ki, qarşıdan gələn 17 gün ərzində biz uğurla bu tədbirin keçirilməsinə nail ola biləcəyik. İdmançılarımızın uğurlu çıxışını və qələbə qazanmasını gözləyirik".
"Mən inanıram və ümid edirəm ki, bu mərasim bütün azərbaycanlıları xüsusi fəxarət hissi keçirməyə vadar edəcək. Azərbaycan dünyada gənc, dinamik və irəliyə baxan bir ölkə kimi tanınacaq”. Bu fikirlərin müəllifi isə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq olub.
O bildirib ki, UNICEF-in həyata keçirdiyi bu layihə I Avropa Oyunlarının təbii davamıdır. I Avropa Oyunları isə dünyanın müxtəlif ölkələrində yayımlanacaq: “Sabah açılış mərasimində biz yüzlərlə idmançını salamlayacağıq. Bu idmançılar Avropa Olimpiya ailəsinin 50 ölkəsini təmsil edirlər. 50 min azarkeş sabah Olimpiya stadionuna toplaşacaq. I Avropa Oyunları Şimali Amerikadan başlayaraq Cənubi Amerikaya, Çindən Yeni Zelandiyaya, Avstraliyaya, Yaponiyadan Hindistana qədər bütün ölkələrdə yayımlanacaq. Biz əlimizdən gələni etdik ki, idmanla əlaqədar məlumatlandırma Azərbaycanın bütün regionlarını əhatə etsin. Məşəli bütün ölkədə səyahət etdirməklə insanlarda Olimpiya ruhunu yaratdıq”.
BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Uilfrid Lemke I Avropa Oyunları çox əlamətdar hadisə adlandırıb və Oyunları izləmək üçün Bakıya gəldiyini deyib.
Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında qeyd edib ki, Təhsil Nazirliyində şagird və tələbələrin idmana cəlb olunması istiqamətində mütəmadi iş aparılır.
Qeyd edək ki, Bəyannamə yeniyetmələrin ölkədə təhlükəsiz və inklüziv idmandan istifadə imkanlarını yaxşılaşdırmaq, yeniyetmə və gəncləri idman və gənclərə dair siyasətlərin, proqram və strategiyaların hazırlanmasına cəlb etməklə bağlı tövsiyələri özündə ehtiva edir.