Prezident İlham Əliyev rayonlara səfər edib

Sentyabrın 4-də prezident İlham Əliyev cənub bölgəsinə səfər edib. APA TV-nin xəbərinə görə, Ölkə başçısı səfərinə Salyan rayonundan başlayıb. Heydər Əliyev Mərkəzinin açılışında iştirak edən prezident Salyan rayon İcra Hakimiyyətinin yeni binası və Dövlət Bayrağı Meydanında görülən işlərlə tanış olub. Salyanda Heydər Əliyevin abidəsini ziyarət edən prezident daha sonra Heydər Əliyev Parkında aparılan abadlıq işləri ilə yaxından tanış olub. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov prezidentə məlumat verərək bildirib ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanılıb. Sonra Bayraq Meydanında yaradılan şəraitlə tanış olan İlham Əliyevə məlumat verilib ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanılıb, avqustda başa çatdırılıb. Ümumi sahəsi 2 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılıb. Ölkə başçısı meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlib. Dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı Biləsuvar rayonuna içməli suyun verilməsi mərasimində də iştirak edib. İlham Əliyev burada rayon ictimaiyyəti ilə də görüşüb. Rayon sakinlərini təbrik edən prezident vurğulayıb ki, layihə başa çatdıqdan sonra Biləsuvar sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunacaqlar. Layihə barədə məlumat verən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi.
 

Daha sonra Cəlilabad rayonuna səfər edən prezident İlham Əliyev rayonda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, 2012-ci ildə Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanılıb. Qeyd edilib ki, mövcud yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcək. Ölkə başçısı daha sonra Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının inşasına prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı sərəncama əsasən başlanılıb. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilib.
 

Prezident İlham Əliyev cənub rayonlarına səfəri çərçivəsində Yardımlı rayonunda da olub. Dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov prezidentə Heydər Əliyevin adını daşıyan parkda görülmüş işlər barədə məlumat verib. Daha sonra prezident Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə də iştirak edib. “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib ki, Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Dövlət başçısı həmçinin YAP-ın Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
 

Prezident İlham Əliyev cənub rayonlarına səfərinin yekunu olaraq Masallı rayonunda olub. Dövlət başçısı Heydər Əliyev Parkını ziyarət edib. Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov prezident İlham Əliyevə məlumat verib ki, Heydər Əliyevin adını daşıyan park yenidən qurulub. 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb. Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Ölkə başçısı daha sonra Masallı Regional Boks Mərkəzinin açılışında iştirak edib.

Müəllif | Apa.Tv