Əli Həsənov: “"Amnesty İnternational" adından yayılan bəyanatın əsası yoxdur”
"Amnesty İnternational" təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib".
APA TV-nin məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı təşkil etdiyi birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Ə.Həsənov deyib ki, "Amnesty İnternational" təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Milli Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb: “Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də "Amnesty İnternational" adından yayılan bəyanatın əsası yoxdur”.
Əli Həsənov İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inandığını ifadə edib. Onun sözlərinə görə, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrilib: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, dünyanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcuddur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz. Biz bir daha çağırış edirik ki, beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir”.