Azərbaycan prezidentinin tapşırığı ilə I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyi I Avropa Oyunları münasibətilə birgə mətbuat konfransı təşkil edib.

 

APA TV-nin məlumatına görə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, sabah Bakıda ilk Avropa Oyunlarına start veriləcək: "Artıq xarici jurnalistlərin Bakı və Azərbaycanla bağlı təəssüratları var. Müraciətlər çox olduğundan, bu müraciətləri fərdi qaydada cavablandırmaq çətindir. Ona görə də prezident İlham Əliyevin tapşırığı ilə mətbuat konfransı təşkil olunub".

 

Mətbuat konfransında sualları Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov cavablandırıblar.

 

Azad Rəhimov deyib ki, bu günədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk onluqda yer alıb: "Birinci Avropa Oyunlarında da əsas məqsədimiz odur ki, bu onluqdan çıxmayaq".

 

Nazir qeyd edib ki, belə möhtəşəm tədbirlərdə qabaqcadan heç bir proqnoz vermək düzgün deyil: "Yarışların gərginliyi, iştirak edən ölkələrin sayı, ətrafda olan mühit, həyəcan bəzən Olimpiya, dünya çempionlarını yarışdan kənarlaşdırıb. Amma bəzən təcrübəsi olmayan idmançı qızıl medal qazanıb. Bizim üstünlüyümüz ondadır ki, ev sahibi kimi bizə təsnifat yarışlarından keçməyə ehtiyac olmadı. Bizim idmançılar bütün idman növlərində iştirak edəcəklər. Bu, bizə bütün idman növlərində medal qazanmağa şans verir. Yarışlara tamaşa etməyə gələn yerli insanların dəstəyi də bizə böyük imkan yaradır".

 

“Əl-Cəzirə” telekanalının sualını cavablandıran nazir rəhbərlik etdiyi Gənclər və İdman nazirliyinin büdcəsi ilə bağlı açıqlama verib. Nazir bildirib ki, bu rəqəm 10 milyon avro təşkil edir: "Bura idman yarışları ilə bərabər, idman təlimləri, idman avadanlıqlarının alınması daxildir. Dünyada tanınan istənilən audit təşkilatı bu büdcədən 1 dollar kənara xərcləndiyini aşkarlayarsa, vəzifəmdən istefa verərəm”.

 

A.Rəhimov deyib ki, Birinci Avropa Oyunları ilə bağlı araşdırma aparıblar: “Oyunların büdcəsi 960 milyon manat idi, sonra digər xərclərlə 1 milyard 34 milyon manat sərf olundu. Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Manat 31 faiz devalvasiya olub, əslində biz əlavə vəsait istəmişik. Xarici mütəxəssislərə yüksək səviyyədə maaş ödənilir. Xərclərin digər hissəsi reklam və Olimpiya standartlarına uyğun idman obyektlərinə və informasiya texnologiyalarına sərf olunub. Büdcə açıqdır. Bunu istənilən təşkilata göstərə bilərik”.

 

Nazir qeyd edib ki, belә iri miqyaslı tәdbir investisiya tәlәb edir. Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq üçün Azәrbaycan qısa vaxtda sәfәrbәr olub: “Azәrbaycan çәtin mәrhәlәdәn keçib. Mәqsәd Azәrbaycanın dünya xәritәsindә yerinin möhkәmlәndirilmәsidir. Biz gәnc ölkәyik, dünyada Azәrbaycanın harada yerlәşmәsindәn xәbәri olmayanlar var. Bu kimi tәdbirlәrin mәqsәdi Azәrbaycan mәdәniyyәtini, tarixini, incәsәnәtini, mәtbәxini, insanlığımızı bütün dünyaya göstәrmәkdir. Oyunlar üçün yeni infrastruktur yaradılıb. Biz bundan sonra müxtәlif idman tәdbirlәrinә ev sahibliyi edә bilәrik. Bu oyunlar yeni idman növlәrini gәnclәrә göstәrmәk üçün әla fürsәtdir”.

Müəllif | Apa.Tv
Apa.tv