FHN Akademiyasında 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 11 iyun 2015-ci il tarixində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub.
Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olub. Elə buna görə də ulu öndərin siyasi hakimiyyətə yenidən qayıtdığı tarix - 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü adlanır.
Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 90-cı illərin əvvəllərinə tarixi ekskurs edərək bildirib ki, həmin illərdə dövlət müstəqilliyimizin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli lider tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilib. Ev sahibliyi edəcəyimiz “Bakı-2015” Birinci Avropa Oyunları da həmin nüfuz və etibarın göstəricisidir.