TQDK-nın Göyçay regional bölməsi IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də qurumun Göyçay regional bölməsinin əhatə etdiyi Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Regional bölmədən APA TV-nin yerli bürosuna verilən məlumata görə, imtahanların keçirilməsi üçün qeyd olunan rayonlarda ümumilikdə 21 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 8978 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 60 imtahan rəhbəri və 727 nəzarətçi-müəllim cəlb olunub.
IX sinif şagirdlərinin buraxılış imtahanı təlimata uyğun olaraq saat 10:00-da başlayıb və 12:00-da başa çatıb. Buraxılış imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb. Şagirdlər üçün imtahan ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim olunmuş mövzu üzrə yazı işi də yerinə yetiriblər. Şəffaf şəraitdə keçən imtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Həmin rayonlarda XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları isə saat 15:00-da başlayıb. 21 mərkəzdə keçirilən imtahanlarda 7173 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan Azərbaycan və rus bölməsi üzrə keçirilib. İmtahan ana dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılıb. Şagirdlərə hər fəndən 30, ümumilikdə 90 test tapşırığı verilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzuda yazı işi də yerinə yetiriblər. Test tapşırıqlarına 2 saat 15 dəqiqə, yazı işinə isə 30 dəqiqə vaxt ayrılıb. İmtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.