Bakıya daha 14 ölkədən idmançılar gəldi - QARŞILANMA
Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan, İslandiya, Serbiya və Bolqarıstan idmançıları Azərbaycana gəliblər. APA TV-nin məlumatına görə, onları Heydər Əliyev Hava Limanında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
İdmançılar onlar üçün ayrılmış xüsusi avtobuslarla "Atletlər kəndi"nə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistləri və nümayəndə heyətləri də var. 14 ölkədən olan media nümayəndələrini də Hava Limanında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Onlar xüsusi avtobuslarla “Media Kəndi”nə yollanıblar.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.