I Avropa Oyunlarına sinxron üzgüçülük yarışları ilə start verildi
Bakı-2015 I Avropa Oyunlarına sinxron üzgüçülük yarışları ilə start verilib. APA TV-nin məlumatına görə, saat 09:00-da Bakı Su İdmanı Mərkəzində duetlərin yarışı başlayıb. Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşüblər.
Mərkəzin hovuzunda 20 duet mübarizə aparıb. Mübarizə nəticəsində iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşib.
Avropa Oyunları tarixində mübarizəyə qoşulan ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olub. Onların ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarıqlarını nümayiş etdiriblər. Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplayıblar. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış ediblər. Təmsilçilərimiz yekun hesabda 18-ci yerdə qərarlaşıblar. Bununla da təmsilçilərimiz üç gün sonra keçiriləcək final mərhələsində çıxış etmək şanslarını itiriblər.