Bakıda Rusiya Azarkeş Evi açıldı

Bu gün Bakıda I Avropa Oyunlarında Rusiya Azarkeş Evinin təntənəli açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimdə Rusiya Olimpiya Komitəsinin sədri Aleksandr Jukov, komitənin vitse-prezidenti, Rusiya prezidentinin köməkçisi İqor Levitin, Rusiyanın idman naziri Vitali Mutko, bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər iştirak edib.

 

Azarkeş Evi Bakının mərkəzi hissəsində, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzində yerləşir. Rusiya Olimpiya Komitəsinin sədri Aleksandr Jukov çıxışında bildirib ki, Bakı-2015 Avropa Oyunlarının medalları Soçi Olimpiadasının medallarını hazırlayan “Adamas” firması və Azərbaycanın “AzerSuvenir” şirkətinin birgə məhsuludur. O, İlk Avropa Oyunlarını ilin vacib idman tədbiri adlandıraraq, Rusiyanın Olimpiya və dünya çempionları da daxil olmaqla, güclü atletlərlə təmsil olunduğunu vurğulayıb. Aleksandr  Jukov azarkeş dəstəyinin çox önəmli olduğunu, bu səbəbdən Bakıda Azarkeş Evi açmaq qərarına gəldiklərini söyləyib: “I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Onların necə keçəcəyindən həmçinin Oyunların gələcək taleyi asılıdır. Düşünürəm ki, tezliklə Rusiya da bu Oyunların keçirilməsinə maraq göstərəcək”.

 

Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə kampaniyanın aparılmasına gəldikdə, Aleksandr Jukov qeyd edib ki, Oyunlar öncə çoxları xırda detallara, xüsusən də siyasi detallara fikir verirlər. “Yarışlar başlayan kimi siyasi qarışıqlıq və kolliziyalar unudulacaq. Sizdə hər şey yaxşı olacaq”, - deyə o vurğulayıb.

 

Öz növbəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana 34 ölkənin prezidenti səfər edəcək. Onun sözlərinə görə, bu Azarkeş Evinin Soçidə olan analoqundan əsas fərqi ekspozisiyaların yalnız Rusiya deyil, eləcə də Azərbaycan idmançılarına aid olmasıdır.

Müəllif | Apa.Tv
Apa.tv