Moldova baş naziri saxta diploma görə istefa verdi
Moldovanın baş naziri Kiril Qaburiç postundan istefa verib. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, o, istefası ilə bağlı ərizəni prezident Nikolayu Timoftiyə və parlamentin sədri Adrianu Kanduya təqdim edib.
"Dünən məni Baş Prokurorluğa dəvət ediblər. Səbəb isə mənim təhsilimlə bağlı sənədlərdir. Siz təsəvvür edirsinizmi, bundan sonra hökumət kabinetində təmsil olunan məmurlar arasında nələr baş verdi? Mənim vəzifədən getməkdən başqa çarəm yoxdur" - deyə, Qaburiç əlavə edib.
Xatırladaq ki, Kiril Qaburiç barəsində qaldırılan bu iddia ölkənin Daxili İşlər Nazirliyinin Baş Prokurorluğa göndərdiyi materiallardan sonra gündəmə gəlib. Həmin sənədlərdə ölkənin baş nazirinin heç bir ali təhsilinin olmadığı və onun saxta sənəd daşıdığı bildirilib.
Qeyd edək ki, 38 yaşlı Kiril Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti vəzifəsində çalışıb.