Azərbaycan prezidenti: “Avropa Oyunları dostluq bayramına çevriləcək”

Azərbaycan prezidenti İlham Əliyev və “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xanım mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçılarının, tanınmış ictimai - siyasi və idman xadimləri ilə görüşüb. APA TV-nin məlumatına görə, mərasimdə əvvəlcə I Avropa Oyunlarına həsr olunan video-çarx nümayiş olunub. Daha sonra Prezident İlham Əliyev çıxış edərək qonaqları salamlayıb. Prezident bildirib ki,  bir neçə saatdan sonra Bakı I Avropa Oyunları başlayır.

 

“Bu hadisə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bütün Avropa xalqını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq bayramına çevriləcək.  Ölkəmiz üçün bu tarixi hadisədir. Çünki bu günə kimi ölkəmizdə bu miqyasda idman yarışları keçirilməyib. Eyni zamanda bu Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq ki, "Olimpizm hərəkatı və ideaları"nın banisi Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib və bu qərarın qəbul edilməsinə görə, Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Kikkiyə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qərar Avropa idmanının inkişafında müsbət rolunu gələcəkdə oynayacaq”.

 

Prezident bildirib ki, idman ictimaiyyəti həyatın ayrılmaz hissəsidir: “Təsadüfü deyil ki, I Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın Olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman obyektləri və qurğuları ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqları özləri bunu təsdiq edəcəklər. Şəhər infrastrukturu yüksək səviyyədə inkişaf edib.  Oyunlar zamanı xüsusilə bu sahəyə yüksək diqqət göstərilib. Nəqliyyat sisteminin təkmilləşdirilməsi, xidmət sektorunun, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda Avropadan gələn minlərlə qonaq, Azərbaycanı yaxından tanıyacaq, və əminəm ki, onların bir çoxu Azərbaycana qayıtmaq istəyəcəklər”.

 

Prezident Azərbaycanın bundan sonra da mötəbər yarışlara ev sahibliyi edəcəyini deyib: “2016-cı ildə Bakıda "Ümumdünya Şahmat  Olimpiadası" keçiriləcək.  Eyni zamanda "Formula 1" yarışı Bakıda keçiriləcək. 2017-ci ildə "İslam Həmrəyliyi oyunları", 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının qrup mərhələsi və dörddə bir final yarışları Bakıda keçiriləcək. Yəni Azərbaycan idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib və əminəm ki, Bakıya gələn idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar”. 

Müəllif | Apa.Tv
Apa.tv