“Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib

68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” - I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.


APA TV-nin məlumatına görə, Bakı vaxtı ilə saat 9.00-da mərasim muğam ustası Alim Qasımovun ifasında muğamla başlayıb.

 

50 nağaranın ritmik sədaları altında 24-dən 0-a qədər geriyə sayım başlayıb.

 

Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini simvolizə edir.

 

Səhnə 1000-dək rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülür.

 

Sonra tamaşaçılar Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.

 

Azərbaycanın Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi - paralimpiyaçı İlham Zəkiyev stadiona gətirib.

 

Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxıb, onun əlindəki tərəzinin hər gözündə bir gəlincik fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandırıblar.

 

Daha sonra Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarında iştirak edən 50 ölkəni təmsil edən idmançıların paradı keçirilib.


Paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedib. 


Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüb.

 

Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vurub.

“Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar Bakıya gələn məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqa səhnəyə çıxıb.

 

Sənətçi piano arxasında əyləşərək, “İmagine” ("Xəyal et") mahnısını ifa edib.

 

Sözləri Con Lennonun (John Lennon) klassik pop mahnısına aid olan musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

 

Tamaşaçılar ifanı alqışlarla qarşılayıblar.

 

Bakı-2015 I Avropa Oyunlarının rəsmi açılışı keçirilən Olimpiya Stadionuna Avropa Olimpiya Komitəsinin bayrağı gətirilib.

 

Avropa Olimpiya Komitəsinin bayrağını Azərbaycan və Türkiyə daxil olmaqla, Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış idmançı gətirib. 


Sonra Avropa Olimpiya Komitəsinin bayrağı qaldırılıb. Bayraq Avropa Olimpiya Komitəsinin stadiona toplaşmış 50 üzvünü təmsil edir.

Müəllif | Apa.Tv
Apa.tv