Milli Parkda I Avropa Oyunlarının başlanması münasibətilə atəşfəşanlıq oldu
Ötən axşam Bakı tarixi hadisəyə şahidlik etdi - Birinci Avropa Oyunlarının açılış mərasimi keçirildi.
APA TV-nin məlumatına görə, Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı ilə yanaşı, minlərlə şəhər sakini və turist Dənizkənarı Milli Parkda açılışın həyəcan və sevincini yaşayıb. Bulvarda quraşdırılan böyük ekranda açılış mərasimi canlı yayımlanıb.
Açılış mərasiminin sonunda Birinci Avropa Oyunlarının məşəli alovlanıb. Birlik və sülh rəmzi olan İlk Avropa Oyunlarının məşəli stadiondan səmaya ucalıb.
Bundan sonra Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlanıb və atəşfəşanlıq başlayıb.
Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzəyib və möhtəşəm bayram mənzərəsi yaradıb.
Məşəl Oyunlar bitənədək yanacaq, Bakının mayakı olacaq.