Türkiyə millisi Qazaxıstanı çətinliklə yendi

Futbol üzrə Türkiyə millisi AVRO-2016-nın seçmə mərhələsində Qazaxıstan yığmasını çətinliklə də olsa, məğlub etməyi bacarıb.

 

Avropa çempionatı yolunda az qalan ümidini reallaşdırmağa çalışan Türkiyə millisi Qazaxıstandakı qələbə ilə 6 oyunda xallarının sayını 8-ə çatdırıb və AVRO-2016-ya vəsiqə qazanmaq ümidlərini qoruyub.

 

Bundan əvvəlki 5 oyunda cəmi 5 xal qazanan Türkiyə millisi Qazaxıstanla qarşılaşmanın ilk 10 dəqiqəsindən sonra təşəbbüsü ələ alıb. Bununla belə, oyunun ilk hissəsində qol vurulmayıb.

 

Baş məşqçi ikinci hissəyə dəyişikliklə başlayıb. O, Mehmet Topalı oyundan çıxarıb və Volkan Şən oyuna girib.

 

Türkiyə millisi qol vurmaq üçün irəli atılsa da, hücumlar uğursuzluqla nəticələnib. Türkiyəli futbolçular qələbə qolunu 83-cü dəqiqədə vurublar. Arda Turan fərqlənib.

 

Qalan dəqiqələrdə nə Qazaxıstan millisinin hesabı bərabərləşdirmək, nə də Türkiyə millisinin hesab arasındakı fərqi artırmaq cəhdləri nəticə verib və qarşılaşma Türkiyə millisinin çox vacib qələbəsi ilə başa çatıb. 

Müəllif | Apa.Tv
Apa.tv