Bakı-2015: iki karateçimiz yarımfinalda!
Bu gün Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar. APA TV-nin məlumatına görə, Bakı Kristal Zalında təşkil edilən ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunacaq.
Kumite növü üzrə kişilər 60 kq çəki dərəcəsində mübarizəyə başlayıblar. A qrupunda tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeşlə döyüşəcək.
Bu idman növündə 55 kq çəkidə qadınların B qrupunda mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.