İnterpoldan şok qərar: FIFA ilə əməkdaşlıq dayandırıldı
İnterpol FIFA ilə əməkdaşlığa birtərəfli qaydada son qoyub. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu qərarın çıxarılmasına səbəb Beyməlxalq Futbol Federasiyaları Federasiyasının rəsmilərinin adının korrupsiya qalmaqalında hallanması olub.
Bu səbəbdən beynəlxalq polis təşkilatı FİFA ilə əməkdaşlıq haqqında sazişin fəaliyyətini birtərəfli qaydada dayandırıb. Dörd il əvvəl imzalanan saziş danışılmış oyunların monitorinqinin aparılmasını ehtiva edib və 10 il müddətinə bağlanıb. Bu proqramdan FİFA 22 milyon dollar qazanc əldə etməli imiş. İndi isə İnterpol bu vəsaitləri donduracağını bəyan edib.
FİFA rəsmiləri bu qərarın çıxarılmasından təəssüfləndiklərini bildiriblər.
Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib. Həbs olunanların ABŞ-a ekstradisiya olunacaqları da müzakirə mövzusudur. Eyni zamanda İsveçrə polisi 2010, 2018 və 2022-ci illərdə dünya çempionatlarını təşkil edən ölkənin seçilməsi prosesində çirkli pulların yuyulması ilə bağlı bir neçə şəxs barəsində cinayət işi açdığı da məlum olub. Bu qalmaqaldan sonra növbəti mundialların keçiriləcəyi ölkələrlə bağlı suallar yaranıb. Qalmaqal fonunda isə FİFA rəhbəri İozef Blatter iyunun 2-də tutduğu vəzifədən istefa verib. 1998-ci ildən FİFA-ya rəhbərlik edən 79 yaşlı Yozef Blatter mayın 29-da növbəti dörd il müddətinə FİFA-nın prezidenti seçilmişdi. FİFA İcraiyyə Komitəsinin növbəti iclasının 20 iyul tarixində keçirilməsi planlaşdırılır. İclasda prezident seçkilərinin keçiriləcəyi gün müzakirə olunacaq.