Katrin Uqvu: "Ledi Qaqa ilə çox sıx əməkdaşlıq etdik ki, Bakıya gəlişini sirr kimi saxlasın"
“Hamı razılaşar ki, “Bakı-2015” Birinci Avropa Oyunlarının dünənki açılış mərasimi böyük tədbir idi. Möhtəşəm şou idi. Əminəm ki, bütün azərbaycanlılar qürur hissi keçirdi".
APA TV-nin xəbərinə görə, bunu “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Olimpiya kəndində 4200-dən çox idmançı var, 420-yə yaxın idmançı isə Mingəçevirdədir: “Artıq dünəndən yarışlar başlayıb. Oyunlar tarixində ilk medala dağ velosipedi üzrə yarışçılar sahib olacaq. Həmçinin karateçilər də bu gün 6 dəst medalın sahibini müəyyənləşdirəcəklər. İnanıram ki, bu növdə Azərbaycan yığması da medal qazanacaq”.
Saymon Kleq 50 ölkənin nümayəndələrinin, idmançılarının açılışda eyni yolu getməsini müsbət hal kimi qiymətləndirib: "O ki qaldı Ermənistan idmançılarına olan münasibətə, bu gözlənilən idi. Ümid edirəm ki, azarkeşlər yarış ərzində bütün idmançılara hörmət edəcək, onların hansı ölkəni təmsil etmələrinə fərq qoymayacaqlar”.
Avropa Oyunları Әməliyyat Komitəsinin Mərasimlər üzrə direktoru Katrin Uqvu isə deyib ki, I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə məşğul olan təxminən 350 nəfərdən ibarət komanda var. Bundan başqa, bu işə təxminən 2000 könüllü dəstək verir: "Bunlardan əlavə, 40-dan çox ölkədən gələrək burada iştirak ediblər. Onlardan bir çoxu əvvəllər digər Olimpiya oyunlarında iştirak ediblər".
Açılış mərasimində Ledi Qaqanın iştirakını böyük çətinliklə bir sirr kimi saxlaya bildiklərini deyən Katrin Uqvu bildirib ki, onun çıxışının bu mərasimdə sürpriz formasında çatdırılması daha maraqlı oldu: "Biz Ledi Qaqa ilə çox sıx əməkdaşlıq etdik ki, bunu sirr kimi saxlasın. O, bir neçə gün ərzində hoteldə oldu və özünü göstərməmək üçün hoteldə qaldı. Mən bu işin baş tutmasına kömək edən hər bir kəsə təşəkkür edirəm".