Güləşçimiz Rafiq Hüseynov finala vəsiqə qazandı!

Avropa Oyunları çərçivəsində Yunan-Roma güləşi yarışları davam edir. APA TV-nin xəbərinə görə, bu gün 80 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rafiq Hüseynov ilk görüşünü 1/8 finalda keçirib.

 

O, dünya çempionatının mükafatçısı, avstriyalı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə mübarizənin taleyini həll edib. O, rəqibi üzərində təmiz qələbə qazanıb.

 

1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu xalçaya dəvət edib. O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq mübarizəni yarımfinalda davam etdirmək hüququ qazanıb.

 

O, yarımfinal mərhələsində Türkiyənin tanınmış güləşçilərindən Şahin Cebi ilə qarşılaşıb. Rafiq Hüseynov görüşün 2-ci dəqiqəsində ard-arda fənd işlədərək rəqibinə 8-0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv