Avropa Oyunlarının ilk qızıl medalı qazanıldı
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlara start verilib.
APA TV-nin məlumatına görə, yalnız bir gün davam edəcək yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar.
Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub.
Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib - 1:33.13.
Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.
Qeyd edək ki, bu gün dağ velosipedi idmanında kişilərin də yarışı keçiriləcək.