Ağdam və Ağcabədidə əlilliyi olan şəxslərə protez-ortopedik xidmət göstərilib
Ağdam və Ağcabədidə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası adı çəkilən rayonlarda olub.
Bərpa Mərkəzinin direktor müavini Ədalət Quliyev bildirib ki, Ağdamda 59, Ağcabədidə isə 50 nəfər əlilə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar xidmət göstərilib. Müraciət edənlər əsasən yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri (əsa, karset, qoltuğaltı və s.) ilə təmin olunublar.
Mərkəzin səyyar tibbi-texniki briqadası ötən gün Bərdə və Tərtər rayonlarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara da səyyar formada xidmət göstərib.