Azərbaycan Avropada qaçqın və köçkünlər üçün idman yarışlarının keçirilməsini təklif edib

Bakıda Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Avropa Şurasının Genişləndirilmiş Hissəvi Sazişi (EPAS) tərəfindən nazirlərin qeyri-rəsmi tədbiri keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, hər kəsin Bakı-2015 Birinci Avropa Oyunlarının rəsmi açılışından zövq aldığına inanır. Onun sözlərinə görə, BMT baş katibi Pan Gi Munun dediyi kimi, idman həm də icmaların potensialını artırmaq üçün vacib vasitədir.

 

EPAS İdarə Heyətinin sədri Vendela Kuper bildirib ki, növbəti 2 həftə ərzində Avropanın gözü Azərbaycanda olacaq. Bu toplantını Avropa Şurası ilə əməkdaşlıq şəraitində təşkil etdiyi üçün o, Azərbaycana təşəkkür edib.

 

Daha sonra nazirlərin qeyri-rəsmi tədbiri çərçivəsində “Böyük idman tədbirlərində sosial davamlılıq haqqında” dəyirmi masa keçirilib.

 

Lüksemburqun idman naziri Romain Şneyder deyib ki, idman yarışları zamanı infrastrukturun inkişafı, könüllülük hərəkatının inkişafı mühümdür.

 

Ukraynanın idman naziri İqor Jdanov ölkəsində idmanın inkişafına investisiyalar cəlb olunmasını zəruri sayıb. O bildirib ki, idmanın inkişafı ilə bağlı sovet modelindən imtina etməyi qərara alıblar.

 

Portuqaliyanın gənclər və idman naziri Emidio Guerreiro idman yarışlarının turizmin inkişafında mühüm rol oynadığını vurğulayıb.

 

Yunanıstanın mədəniyyət, təhsil və din işləri üzrə nazir müavini Stavros Kontonis isə ölkəsində əvvəlki idman tədbirlərində sosial davamlılığa yetərincə diqqət yetirilmədiyini söyləyib.

 

Fransanın idman məsələləri üzrə dövlət katibi Brilliard Tierry böyük idman yarıları zamanı ciddi nəzarət və qiymətləndirməni zəruri sayıb.

 

Gürcüstanın Gənclər və İdman Nazirliyinin departament rəhbərinin müavini Tariel Keçikaşvili böyük idman yarışları zamanı əsas diqqəti turizm sahəsinə yönəltməyə çalışdıqlarını bildirib.

 

Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycana təşəkkür edən Kiprin İdman Təşkilatının sədri Clea Hadjistephanou böyük idman yarışları zamanı səlis planlamanın önəmli olduğunu qeyd edib.

 

Birinci Avropa Oyunlarının açılışında iştirak etməkdən şad olduğunu söyləyən EPAS Məşvərət Komitəsinin sədri Sara Dekariye deyib ki, böyük idman tədbirləri zamanı sosial davamlılığa nail olmaq üçün dövlət qurumları və idman təşkilatları arasında əməkdaşlığa nail olmaq vacibdir.

 

Sonda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib ki, Avropada qaçqın və köçkünlər üçün idman yarışlarının keçirilməsini təklif edir: “Biz belə yarış keçirilməsini təşkil edə bilərik. Həbsxanalarda da idman yarışlarının keçirilməsi barədə təkliflərimizi verə bilərik”.

Müəllif | Apa.Tv