Bürünc medalçı İlahə Qasımova: “Allaha şükür, öz vətənimizdə medalsız qalmadım”
"Çox xoşbəxtəm ki, bürünc medalı götürmüşəm. Amma bu, mənim üçün çempionluqdur". APA TV-nin məlumatına görə, Avropa Oyunlarında ölkəmizə ilk medalı qazandıran idmançımız İlahə Qasımova uğurunu şərh edib. O, bu nailiyyətini çoxdan gözlədiyini deyir:
İlk növbədə Allaha şükür edirəm ki, öz vətənimizdə medalsız qalmadım. Bunun üçün öz müəllimlərimə minnətdaram. Çoxdan idi ki, bu nailiyyəti gözləyirdim. Bir ildən çox idi ki, ağır məşqlərimiz olurdu. İnanırdım ki, nəticə olacaq və medal götürəcəyəm. İlahə rəqibə qalib gəlməsində azarkeşlərin də böyük rolu olduğunu bildirib. “Tamaşaçıların dəstəyi bizə daha da stimul verdi. Bütün Azərbaycan xalqından idmançılarımıza dəstək olmağı xahiş edirəm. Həm şəxsi, həm də yığmadakı müəllimlərimə borcluyam. Ən çox isə mənə dəstək olan valideynlərimə minnətdaram”. Qeyd edək ki, İlahə Qasımova 55 kq çəki dərəcəsində Avropa Oyunlarının bürünc mükafatçısı olmaqla, Azərbaycana ilk medalı qazandırıb. İdmançımız bürünc medal uğrunda döyüşdə ispan rəqibi Kristina Ferrer Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən döyüş idmançımızın 4-2 hesablı qələbəsi ilə başa çatıb.