Gəlin qaynanasını bıçaqladı
Daşkəsəndə gəlin qaynanasını, sonra da özünü bıçaqlayıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan hissəsində baş verib. Rayon sakini, 22 yaşlı Elnarə Əsgərova ailədaxili münaqişə zəminində qaynanası, 55 yaşlı Validə Qədirovanı ayaq nahiyəsindən bıçaqlayıb. Daha sonra Elnarə Əsgərova özünün qarın nahiyəsinə bıçaqla zərbə endirib. Hər iki qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların səhhətinin normal olduğu, bu gün hər iki xəstənin evə buraxılacağı bildirilib. Polisdən qeyd olunub ki, artıq gəlinlə qaynana barışıb, həmçinin, bıçaq yarasının yüngül olduğuna görə faktla bağlı cinayət işi açılmayıb.