Bürünc medalçı Niyazi Əliyev: “Təsəllim odur ki, qızıl medal qardaş Türkiyəyə getdi”
“Azərbaycan xalqının qarşısında baş əyirəm. Çox təəssüf ki, mən qızıl medalı qazana bilmədim”. APA TV-nin məlumatına görə, bu fikirləri I Avropa Oyunlarında karate yarışlarında 67 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Niyazi Əliyev deyib. O, qızıl medal qazana bilmədiyi üçün məyus olduğunu bildirib: “Biz iki ildir bu yarışa hazırlaşırıq. Burada heç bir səhvdən söhbət gedə bilməz. Sadəcə idman şansı deyə bilərəm. Üçüncü yerə çıxmışam, ola bilərdi ki, heç bir medal qazanmayım. Öz əziyyətimə qiymət verdiyim üçün belə üzülürəm. Oğlum zalda əyləşmişdi. Çox istərdim qızıl medalı onun boynundan asım. Bağışlayın, qəhərlənirəm danışanda. Çox üzr istəyirəm ki, qızıl medala çatdıra bilmədim. İçimdə bir təsəlli var ki, bu medal qardaş ölkəyə getdi. Çünki mən medalı ölkəmizə gətirmişdim. Lisenziyamı da özüm qazanmışdım. İndi bu il qismət onundur”. Niyazi Əliyev bütün azarkeşləri idmançılara dəstək olmağa çağırıb. Qeyd edək ki, yarımfinalda türkiyəli Burak Uyqura məğlub olan Niyazi Əliyev bürünc medal uğrunda görüşdə Steven da Kostaya qalib gəlib.