Millət vəkili: "Bütün Azərbaycan su altında qalsa, veclərinə deyil"

Oktyabrın 4-də AŞPA-da, Sərsəng su anbarı ilə bağlı məsələ müzakirə olunacaq. Texniki qurğular və avadanlıqları baxımsız qaldığından Tərtər çayı üzərində inşa edilən Sərsəng su anbarı Azərbaycanın işğal altında olan 7 rayonu üçün ciddi təhlükə mənbəyinə çevrilib. APA TV-nin məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyir ki,  mövcud problemlə bağlı məruzəçi təyin edilə bilər. Qayda belədir ki, məsələ müzakirə edilərək qətnamə layihəsi hazırlanmalı və  Parlament Assambleyasının müzakirəsinə çıxarılmalıdır. Bu asan və rahat bir yol deyil, çünki, müzakirələrin başlanacağı dövrdə quruma sədrliyi Ermənistan edəcək: “Apardığım hesablamalara görə, 6 rayona və Dağlıq Qarabağa 432 milyard ziyan dəyib. Bu məlumatları biz havadan almamışıq, həmin rayonların icra hakimiyyətlərinin verdiyi hesabatlardan götürmüşük”

 

Elxan Süleymanov deyir ki, Azərbaycan nümayəndə heyəti bütün gücünü sərf edəcək ki, hər şey müsbət həll edilsin. Çünki: “Bütün Azərbaycan suyun altında qalsa belə beynəlxalq təşkilatların hec nə vecinə deyil.”

 

Elxan Süleymanov bu yolda Azərbaycan mətbuatının da məsuliyyətini aktual sayır: “Azərbaycan mediası Qarabağı unudub. Bu barədə bir dənə də olsun sanballı yazı yazılmır. Təbliğat aparılmır.”

 

Xatırladaq ki,  Sərəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib. 125 metr hündürlükdə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı. 

 

Müəllif | Apa.Tv