Saymon Kleqq: "Bağlanış mərasimi üçün biletlər 24 saat ərzində satılacaq"

“Dünən çox gərgin gün oldu. 17 müxtəlif məkanda yarışlar keçirildi”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında deyib.

 

O, yarışın ilk günündə tamaşaçı sayı və ən çox izlənilən idman növünü açıqlayıb: “Artıq ilk medallar təqdim olundu. Şadıq ki, Azərbaycan millisi yüksək nəticələr göstərir. Bu, Oyunların uğurlu keçməsinə zəmin yaradır. 19 müxtəlif yarışa 17 mindən çox tamaşaçı qatılıb. Xüsusən də, dağ velosipedi, badminton və stolüstü tennis böyük sayda tamaşaçı cəlb etmişdi. Voleybola da xeyli  tərəfdarlar gəlmişdi. Hətta nəqliyyat onları daşımağa imkan tapmamışdı. Bu üzdən də xüsusi avtobuslar ayrılmışdı. Bakı Olimpiya Stadionu açılışdan sona idmançılar üçün yararlı vəziyyətə gətirilir”.

 

Saymon Kleqin sözlərinə görə, Bakıda yarışlara çox böyük maraq var: “Təkcə dünən bağlanış mərasiminə 8 min bilet satılıb. Bağlanış üçün biletlərin 24 saat ərzində tükənməsini gözləyirəm. Bu gün əlavə 494 şəxs Bakıya gələcək. Nəqliyyat sistemi yüksək səviyyədə işləyir. Bu gün 10 idman növündə yarışlar keçiriləcək. Sabah isə Azərbaycanın Milli Qurtuluş Günüdür. Yəqin ki, bu səbəbdən biletlərə böyük tələbat olacaq. Biletlər yaxşı satılır. Açılış mərasiminin biletləri tam satılmışdı. Təbii ki, bəzi idman növləri Azərbaycanda az populyardır. Məsələn, güləş üçün bilet tapmaq mümkün olmur. Bəzən də biletləri elə qiymətə satmalıyıq ki, əlçatan olsun. Biletlərin qiymətləri 1-3 manat arasındadır”.   

 

Baş direktor finallara biletlərin fərqli qiymətə olacağını bir daha diqqətə çatdırıb: “Finalların biletləri 3-5 manatdır. Bizim biletlərdən yüksək gəlir əldə etmək məqsədimiz yoxdur. Hazırkı durumdan razıyıq. İstənilən böyük idman tədbirində ilk günlər sistem yavaş-yavaş işə düşür. Bütün nəqliyyat məsələləri nəzərdən keçirilib. Əlavə maneələr də quraşdırıldı ki, sürət həddi aşılmasın. Bütün sürücülərə məsləhətlər verilib ki, konkret təlimatlara riayət etsinlər”.

 

Mətbuat konfransında iştirak edən Avropa Karate Federasiyasının (AKF) prezidenti Antonio Espinos isə dünən keçirilən karate yarışlarının əhəmiyyətinin xüsusi qeyd edib. "Biz yaxşı nailiyyətlər nümayiş etdirdik. Göstərdik ki, karate olimpiada üçün hazır idman növüdür” - deyə o bildirib.

 

İlk Avropa Oyunları ilə bağlı fikirlərini açıqlayan Antonio Espinos deyib ki, Bakı-2015 üçün əla şərtlər hazırlanıb: “Avropanın ən yaxşıları burdadır, hətta iki ay əvvəlki Avropa çempionatının qalibləri də. Hamıya göstərəcəyik ki, Olimpiya Hərəkatına qatılmağa hazırıq”.

 

Espinos Avropa Oyunlarının da qalibi olan Azərbaycan millisinin lideri Rafael Ağayevi əfsanəvi karateçi adlandırıb: “Onun titullarına baxsanız, buna şahid olarsınız. Karate icması da onu belə qəbul edir. O, idmanın bir səfiridir. Bu da ona gözəl imkan yaradır”.

Müəllif | Apa.Tv
Apa.tv