Əli Həsənov: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolu var..."
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Endryu Masazırda məcburi köçkün şəhərciyində məcburi köçkünlərlə görüşüblər.
APA TV-nin məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Ceyms Uorlikin köməkçisi Devid Salvo, Anjey Kaspşikin köməkçisi Hristo Hristov, Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin 3-cü katibi Rövşən Səfərov da iştirak ediblər.
Həmsədrlər məcburi köçkünlərin yaşadıqları mənzillərə baş çəkib, yaşayış şəraitləri ilə maraqlanıblar. Məcburi köçkünlər əsas arzularının doğma torpaqlarına qayıtmaq olduğunu bildiriblər.
Ceyms Uorlik isə bu istiqamətdə səylərini əsirgəməyəcəklərini vurğulayıb: “Tam sülh razılaşması çərçivəsində məcburi köçkünlər, o cümlədən Zəngilandan olan məcburi köçkünlər torpaqlarına qayıdacaqlar. Bununla bərabər, bu məsələ Azərbaycan və Ermənistanın siyasi iradəsi ilə həll oluna bilər. Məcburi köçkünlərin acınacaqlı vəziyyəti bizi çox narahat edir. Bakıda onlar üçün yaxşı şərait yaradılıb. Ancaq məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququnu biz də təsdiqləyirik. Mən inanıram ki, bu orta məktəbdə təhsil alan şagirdlər doğma torpaqlarına qayıdacaq, ermənilərlə birgə qonşuluq şəraitində yaşaya biləcəklər”.
Daha sonra həmsədrlər Zəngilandan olan məcburi köçkün Nurəddin Həsənovun ailəsinə baş çəkiblər.
Bundan sonra baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov həmsədrləri qəbul edib.
Görüşdə Əli Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olsa da, həll edilmir: “Azərbaycan beynəlxalq aləmdə üzərinə düşən öhdəliklərə əməl edir, böyük tədbirlər keçirir. Bunların sonuncusu Birinci Avropa Oyunlarıdır. O cümlədən Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfə verir. Bəs nə üçün Azərbaycana münasibət soyuqdur? Bizi narahat edən odur. Biz dünya üçün açığıq, sərhədlərimizi dünya üçün açıq elan etmişik, Avropa dəyərlərini əsas götürmüşük. Nə üçün bizə münasibət belədir, nə üçün 1 milyondan çox insanımız qaçqın və məcburi köçkün həyatı yaşamalıdır? Bəs onların hüquqları tapdanmır? Nə üçün bir dövlət səsini qaldırmır? Bunları deməklə mühazirə oxumaq fikrində deyiləm, içimdən gələn fikirlərdir”.
Ə.Həsənov bildirib ki, doğulduğu kənd işğal altındadır, 50 ildir Sumqayıtda yaşayır: “Bu Komitənin işçilərinin çoxu məcburi köçkündür. Bir gün bizə deyə bilərlər ki, nə qədər gözləməliyik?"
Rusiyalı həmsədr İqor Popov isə bildirib ki, səfər zamanı məcburi köçkünlərlə görüş üçün yaxşı imkan yaradılıb: “Rusiya, ABŞ və Fransa prezidentləri məcburi köçkünlərin torpaqlarına qayıtmalı olduğunu qeyd ediblər. Biz bu gün məcburi köçkünlərlə danışmaq imkanı əldə etdik, təəssüratlarımız formalaşdı”.
Məcburi köçkünlərə yaxşı şərait yaradıldığı üçün Azərbaycan hökumətinə təşəkkür edən amerikalı həmsədr Ceyms Uorlik isə bildirib ki, onlar məcburi köçkünlərə onların doğma torpaqlarına qayıtmalarına yardım göstərəcəklərinə dair söz veriblər. Amerikalı həmsədr məcburi köçkünlərin hazırda işğal altında olan torpaqlara qayıtmasının tezliklə baş verəcəyinə inandıqlarını dilə gətirib.
Görüşün sonunda Əli Həsənov bir daha vurğulayıb ki, Ermənistandakı Köçəryan-Sərkisyan rejimi münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Çünki onlar bu problemin üzərində hakimiyyətə gəliblər.