MOK: Bakıda qəzaya düşən avstriyalı idmançı uğurlu əməliyyat olunub

"İyunun 11-də Bakıda "Atletlər Kəndi"ndə baş verən qəzada yaralanan avstriyalı idmançının səhhəti ilə bağlı tez-tez məlumat əldə olunur".

 

APA TV-nin xəbərinə görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib. "Bizim aldığımız məlumata görə, dünən idmançı əməliyyat olunub və artıq danışır" - deyə o qeyd edib.

 

Qeyd edək ki, bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib. Görüşdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər.

 

Azad Rəhimov: "Bu idmançıları görəndə özümü bir nazir kimi yox, bir vətəndaş kimi hiss edirəm. Ona görə ki, sevincimin həddi-hüdudu yoxdur. O anlar sözsüz ki, unudulmaz anlardır. Mən deyə bilərəm ki, medalların sayı çox olmalıdır. Digər qitə çempionatlarına nisbətən daha çox olmalıdır".

 

Dünən medal qazanan Azərbaycan idmançıları MOK-un binasında asılan xatirə lövhəsinə öz adlarını yazıblar. Daha sonra MOK rəsmiləri onları mükafatlandırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv