Belarus yığmasının baş məşqçisi: “Mingəçevirdə hər şey çox mükəmməldir”
“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında iştirak edən Belarus yığma komandasının baş məşqçisi Nikolay Banikoe yarışların əhəmiyyəti haqda fikirlərini bölüşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, baş məşqçi komandasının Иirinci Avropa Oyunlarında iştirak etməsindən məmnunluğunu bildirib: “İlk Avropa Oyunlarının çox maraqlı idman hadisəsi olduğuna əminəm. Çox şadam ki, Mingəçevirdə bu heyrətamiz Oyunlarda bizim komanda da iştirak edir. Belarusdan bura 14 idmançı ilə (10 kişi və 4 qadın) gəlmişik. Mingəçevirdə hər şey çox mükəmməldir. Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm”.
Baş məşqçi bu yarışlarda yetişdirdiyi idmançıların da mükafat qazanmasını istədiyini söyləyib: “2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçıları olan iki atletimiz - Aleksandr Boqdanoviç və Andrey Boqdanoviç bu gün yarışda iştirak edirlər. Onlar yarışların birinci mərhələsində finişə ikinci çatdılar. Bu yarışlar yüksək səviyyəli və məsuliyyətli yarışlardır. Biz Oyunlardan öncə təlim-məşqlər zamanı öz gücümüzü bildik. Əlavə edim ki, bu yarış iştirakçılarının hamısı Avropada avarçəkmə idmanı üzrə ən güclü olanlardır. Yarışda idmançılar arasında güclü rəqabət var. Demək olar ki, qayıqlar bir-birindən cəmi bir-iki saniyə fərqlə finiş xəttini keçirlər. İnanıram ki, medal qazana bilərik”.