Tiflis zooparkından 6 pələng, 6 şir, 13 canavar və 7 ayı qaçıb

Tiflisdə baş verən təbii fəlakət təkcə insan itkisi ilə nəticələnməyib. Gürcüstan paytaxtında daha bir təhlükə yaşanır.

 

APA TV-nin məlumatına görə, şəhər polisi sakinlərə küçəyə çıxmamağı tövsiyə edib. Buna səbəb zooparkdan vəhşi heyvanların qaçmasıdır.


Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş daşqın nəticəsində zooparkdan qaçan heyvanların tapılması istiqamətində tədbirlər görür. Tiflis meriyası zooparkdan 6 pələng, 6 şir, 13 canavar və 7 ayının qaçdığı barədə məlumat verib.

 

Şəhər rəhbərliyinin açıqlamasına görə, zirzəmilər xüsusilə təhlükəli ola bilər. Daxili İşlər Nazirliyi şəhər sakinlərindən heyvanların aşkarlanacağı təqdirdə, "Qaynar xətt"ə məlumat verməyi xahiş edib.

 

Zooparkın ətrafında heyvan parkının əməkdaşı olan iki nəfərin meyiti tapılıb. Təbii fəlakət nəticəsində ona yaxın insanın itkin düşdüyü bildirilir.

 

Qeyd edək ki, Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən, fəlakətin qarşısının alınması və xəsarət alanlara yardım məqsədi ilə fövqəladə qərargah yaradılıb. Baş nazir fəlakətin miqyasının böyük olduğunu diqqətə çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv