Bakı-2015: Azərbaycan daha bir medal qazandı
Bu gün Bakı-2015 I Avropa Oyunlarında triatlon üzrə yarışlara yekun vurulub. APA TV-nin məlumatına görə, Bilgəh Çimərliyində kişi idmançılar mübarizə aparıblar.
Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı qüvvəsini sınayıb. Böyük Britaniya təmsilçisi Qordon Benson finişə 1 saat 48 dəqiqə 31 saniyəyə çataraq, qızıl medala sahib çıxıb.
Çempiondan 11 saniyə geri qalan portuqaliyalı Joao Silva gümüş mükafata yiyələnib. Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışı 3-cü pillədə bitirib.
Bürünc mükafat qazanan idmançımız məsafəni 1 saat 49 dəqiqə 4 saniyəyə qət edib. Digər triatlonçumuz Aleksandr Yatçenko finişə çatmayıb.
Qeyd edək ki, Pevtsovun qazandığı medal millimizin Avropa Oyunlarında 8-ci mükafatıdır. Komandamızın üzvləri bunadək 3 qızıl, 1 gümüş və 3 bürünc qazanıb.