"Atletlər Kəndi"ndəki qəzanın videosunu yayan polis daxili işlər orqanlarından xaric edilib
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti I Avropa Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda avstriyalı idmançıların avtobusla vurulması ilə nəticələnən hadisə haqqında növbəti məlumat yayıb.
DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumatda bildirilir ki, 2015-ci il iyun ayının 11-də I Avropa Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda, «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs-qətimkan tədbiri seçilərək istintaq aparılır: "Lakin həmin gün qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi, onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib. Xidməti araşdırmalar davam etdirilir".