Novosibirsk-Lənkəran-Novosibirsk aviareysi açıldı
Rusiyanın Novosibirsk şəhərindən Azərbaycanın Lənkəran şəhərinə aviareys açılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, "Anqara" Hava Şirkətinə məxsus 75 sərnişinlik Rusiya istehsalı olan “AN-148” tipli təyyarə bu gün Bakı vaxtı ilə saat 06.45-də Novosibirskdən uçaraq vaxtından 20 dəqiqə əvvəl - saat 10.40 radələrində Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.
Beləliklə, Rusiyanın Sibir regionunda, xüsusən də Novosibirsk əyalətində yaşayan Azərbaycanın cənub bölgəsinin sakinlərinin yol narahatlığına bu gündən son qoyulub.
Novosibirsk-Lənkəran-Novosibirsk birbaşa aviareysi üzrə hələlik həftədə bir dəfə uçuş həyata keçiriləcək. Tələbat artarsa, uçuşların sayının artırılacağı istisna deyil.
Elə həmin gün saat 12.00 radələrində “An-148” təyyarəsi Lənkərandan Novosibirskə yola düşüb.
Qeyd edək ki, aviareyslə uçuş müddəti 4 saat 40 dəqiqə təşkil edir. Biletin birtərəfli gediş qiyməti isə 270 manatdır.