Xaçmaz sakini evinin yandırıldığını iddia edir
Xaçmaz şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsi ev 94-də qeydə alınıb. APA TV-nin şimal bürosundan verilən xəbərə görə, Xaçmaz şəhər sakini 1958-ci il təvəllüdlü Cəfərov Nizami Hüseyn oğluna məxsus iki mərtəbəli yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ev sahibi isə evinin yandırıldığını iddia edir. O, məsələnin araşdırılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.