Bu da 6-cı qızıl medal...
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa Oyunlarında növbəti qızıl medalını qazanıb.
APA TV-nin məlumatına görə, kişilərin mübarizəsində 75 kq çəki dərəcəsində yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub.
Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2:2.
Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2.
Pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, Elvin əzmkarlıq sayəsində qalib gəlib - 3:2. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.