Ayxan Mamayev: “Sümüyüm sınsa da, bayrağımızı yüksəldə bildim”

Karatenin kumite növündə 84 kq çəki dərəcəsində bütün rəqiblərini mübarizədən kənarlaşdıran Ayxan Mamayev fəxri kürsünün ən yuxarı pilləsində qərarlaşıb.

 

APA TV-nin xəbərinə görə, Ayxan görüşlərin birində ciddi zədə aldığını, ancaq buna rəğmən mübarizəni davam etdirdiyini vurğulayıb: "Birinci döyüşdə finaldakı rəqibim idi. Mənə elə gəlir, elə taktika işlətdi ki, birinci çıxsın. Mənimlə heç-heçə etdi. Amma hər işdə bir xeyir var. İkinci döyüşdə ukraynalı rəqibim məni çox bərk əzdi. Üz hissəmdə sümüyüm sındı. Amma buna baxmayaraq, finala kimi gəlib çıxdım".

 

Ölkəmizə növbəti qızıl medal qazandıran Ayxan Mamayev ən böyük arzusunun həyata keçdiyini deyib: "Biz bu yarışa ilyarımdır ki, hazırlaşırıq. Yanvar ayından ciddi məşqlərə başladıq. Həmişə arzum idi ki, bu yarışlar gəlib çıxsın, həmin günü əlimdən gələni edim ki, bayrağımızı yüksəkliklərə qaldırım. Çox şükürlər olsun ki, buna nail oldum".

 

Həlledici görüşdə yunanıstanlı Mixail Geordios Tzanosu məğlub edərək, qızıl medala sahib çıxan Ayxan Mamayevin qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Lakin döyüşün 4 yan xətt hakimindən 3-nün həmyerlimizi güclü sayması, yığmamıza 10-cu medalı qazandırıb.

 

Müəllif | Apa.Tv