Tiflisdə sel fəlakəti: 12 nəfər ölüb, 24 nəfər itkin düşüb

Tiflisdəki leysan yağışlar Gürcüstana təxminən 18 milyon dollar ziyan vurub. APA TV-nin məlumatına görə, bu rəqəmi Gürcüstanın maliyyə naziri Nodar Xaduri bəyan edib. Nazir əlavə edib ki, bu, ilkin rəqəmdir və ziyanın hesablanması davam edir. Baş nazir İrakli Qaribaşvili Maliyyə Nazirliyinə təbii fəlakətdən zərər çəkən hər ailəyə 10 min lari (təqribən 4,5 min dollar) ödəmək tapşırığı verib.

 

Xatırladaq ki, iyunun 14-ə keçən gecə Gürcüstan paytaxtında baş verən güclü leysan yağışlar bir çox fəsadlar törədib. Tiflisin mərkəzindən axan Vera çayının daşması nəticəsində  yolları su basıb, Kür çayı boyunca uzanan prospekt və küçələrə, həmçinin dövlət və bir sıra şirkətlərin ofis və obyektlərinə, binaların birinci mərtəbəsinə sel suları dolub, yollar çöküb və torpaq sürüşməsi baş verib.

 

Tiflisin təbii fəlakət nəticəsində fəsadlar olan küçələrində təmizlənmə işləri aparılır. Kür çayının sol sahili boyunca uzanan küçədə güclü sel suları dağıntılar əmələ gətirib, küçənin körpüdən keçən hissəsində asfalt tamamilə yararsız hala düşüb və güclü daşqın bir neçə avtomobili Kür çayının sahilindəki səkilərə və körpünün dirəklərinə çırpıb.

 

Tiflis zooparkının mütəxəssisləri paytaxt və onun ətrafına qaçan vəhşi heyvanları tutmaqla məşğuldur. Zoopark rəhbərliyinin bildirdiyinə görə, indiyədək Tiflisin küçələrindən 17 vəhşi heyvan tutulub.

 

Vera çayının daşması nəticəsində 12 nəfər Gürcüstan vətəndaşı boğularaq ölüb, axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 24 nəfərin itkin düşdüyü bildirilir. Fəlakət nəticəsində evsiz qalan ailələr isə otellərə və digər evlərə köçürülüb.

 

Qeyd edək ki, hazırda Gürcüstan hökuməti bütün vacib dövlət tədbirlərini təxirə salıb və yalnız Tiflisdəki fəlakətin fəsadlarını aradan qaldırılması  ilə məşğuldur.

 

Gürcüstanda fəaliyyət göstərən SOCAR şirkəti də Tiflisdə daşqınlar zamanı yaranan fəsadların aradan qaldırılmasına qoşulub. Ötən gün şirkət tərəfindən şəhər infrastrukturunun bərpası üçün 10 000 litr benzin ayrılıb. Bundan başqa, təbii fəlakət zamanı xəsarət alan ailələrə kömək üçün şirkət tərəfindən 50 000 lari ayrılıb.

 

Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə 15 iyun Gürcüstanda matəm günü elan edilib. 

Müəllif | Apa.Tv
Apa.tv