Prezident və xanımı adından I Avropa Oyunları ilə bağlı qəbul təşkil olunub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.

 

Qəbul birinci Avropa Oyunlarının açılışından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

 

Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, 2012-ci il dekabrın 12-də qəbul edilən qərar tarixi qərar idi.

 

“Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır”.

 

Prezident deyib ki, Azərbaycanın qədim ənənələri, böyük tarixi və tarixi şəxsiyyətləri var:

 

“Lakin müstəqil ölkə kimi, biz yalnız 24 ildir ki, mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu isə bütün müsəlman dünyasının ilk demokratik respublikası idi. Azərbaycanda məhz respublika idarəçilik sisteminin tətbiq olunması o zaman respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ verilmişdir ki, bu, bir çox Avropa ölkələrindən əvvəl olmuşdur".

 

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Avropa Oyunları kimi böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir.

 

"Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir. Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanırdı. Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur".

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də mərasimdə çıxış edib. Sonra Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.

Müəllif | Apa.Tv
Apa.tv