Bu dəfə alimlər yarışacaq

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə müsabiqə elan edib. Bu münasibətlə təşkil olunan mətbuat konfransında çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib  ki, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir: “Elmin İnkişafı Fondu ilə birgə müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda elmi tədqiqatlara təkan vermək, bu işin daha geniş vüsət alması üçün maliyyə dəstəyinin göstərilməsidir. Bu müsabiqələr isə Azərbaycanda elmi potensialın güclənməsinə, görülən işlərin daha da davamlı olması üçün geniş imkanlar yaradır”.

 

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə bildirib ki, müsabiqə üzrə maliyyələşdirmənin həcmi 1 milyon 200 min manat nəzərdə tutulub. Müsabiqəyə maliyyə həcminə görə kiçik (10.000 manatadək) və orta (10.000-100.000 manat arasında) maliyyə həcmli layihələr qəbul olunacaq: “Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən İKT ilə əlaqəli şirkətlərdən olan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilər."
Müsabiqə üçün layihələrin qəbulu 6 sentyabr-7 oktyabr tarixində olacaq, nəticələr isə noyabrın 10-da açıqlanacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova