Suriya kürdləri fəallaşdı: Ankara narahatdır
Suriyada döyüşən kürd silahlı qruplaşmaları İŞİD-in nəzarətində olan Tel-Abyad şəhəri istiqamətində hücuma keçiblər.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onlar ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstəyi altında irəliləyirlər.
Təl-Abyad şəhəri terrorçuların Suriya ərazisində özlərinə paytaxt elan etdiyi Rakka şəhərinin mərkəzi olduğu vilayətə daxildir. Bu vilayət strateji bölgə hesab edilir. Döyüşlərin şiddətlənməsi sakinlərinin başqa bölgələrə köç etməsinə səbəb olub. Bu bölgədən təxminən 13 min sakinin Türkiyə sərhədində yerləşən qaçqın düşərgəsində məskunlaşdığı bildirilir.
Sərhədi keçməyə cəhd edən vətəndaşların Türkiyə Silahlı Qüvvələri tərəfindən geri qaytarıldığı vurğulanır. Ankara bu şəxslərin içərisində kürd separatçılarının olmasından ehtiyatlanır. Kürd silahlı qruplarının sərhəd bölgələrində fəallaşması da Türkiyə hakimiyyətini narahat edir. Rəsmi Dəməşq isə Türkiyəni bölgədə aydın siyasət aparmamaqda ittiham edir. ABŞ prezidenti Barak Obama isə türkiyəli həmkarını Suriya sərhədlərini ciddi nəzarətdə saxlamağa çağırır.