Mariya Stadnik "qızıl"ın bir addımlığında!
Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının lideri Mariya Stadnik finala vəsiqə qazanıb.
APA TV-nin məlumatına görə, təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb.
Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta Dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib.
Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü sınayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.
Dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə güləşəcək. Görüş saat 19:14-də start götürəcək.
Azərbaycan güləşçisi Natalya Sinişin də mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşlı idmançımız 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0).
Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.
Buna baxmayaraq, o, bürünc medal uğrunda çıxışını davam etdirəcək. Sinişin saat 19:28-də Tatyana Kitlə (Almaniya) güləşəcək.