Zaqatalada yeni avtovağzal istifadəyə verildi
Zaqatalada yeni avtovağzal istifadəyə verilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilən mərasimdə Zaqatala Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Nəqliyyat Nazirliyinin, müvafiq idarə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər yeni avtovağzalın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik ediblər.
Tikintisinə 2013-cü ildə başlanılmış yeni avtovağzal Zaqatala şəhərindən 4 km aralıda, Yexlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun sol sahilində yerləşir. Yeni, müasir, işıqlı avtovağzal binasında sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi 500 kvadratmetr olan avtovağzalın havalandırma sistemi ilə təchiz olunan gözləmə zalı, bilet satışı kassaları, dispetçer otağı, saxlama kamerası, ana-uşaq otaqları, sürücülərin istirahət otağı, ibadət otağı, kafe, həyətyanı sahədə avtoyuma və texniki müayinə mərkəzi var. Avtovağzal eyni anda 30-a yaxın müxtəlif tutumlu nəqliyyat vasitəsini qarşılamaq və yola salmaq gücünə malikdir.