Alman çempion: "Mingəçevirdə çox xoşbəxtəm, burada bizi dəstəkləyirlər"
Bakı-2015 I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında qızıl medal qazanan Almaniya idmançıları yarışların əhəmiyyəti haqda fikirlərini bölüşüblər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, çempion Sebastian Brendel Avropanın idman tarixində böyük əhəmiyyətə malik olan bu yarışda mübarizə aparmağı səbirsizliklə gözlədiyini deyib.
O, mötəbər idman tədbirində iştirak etməkdən məmnun olduğunu deyib: "Bu, mənim üçün həqiqətən də yeni bir təcrübə oldu. Bizim komandamız çox güclüdür. Yarışa yaxşı hazırlaşmışdıq. Biz finala çıxmaq üçün böyük səy göstərdik və qalib gəldik".
I Avropa Oyunlarının qızıl medalçısı Max Şoff bu mötəbər yarışların çox maraqlı idman hadisəsi olduğunu bildirib: "Çox şadam ki, Mingəçevirdə, bu oyunlarda Almaniya idmançıları da iştirak edir. Burada hər şey çox mükəmməldir. Rəqiblərim çox güclü idi. Çox şadam ki, çətinliklə də olsa bu mühüm yarışda qalib gəldim. Sizin azarkeşlərdən dəstək gördüyüm üçün özümü xoşbəxt hiss edirəm. Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm".
I Avropa Oyunlarının avarçəkmə yarışlarında birinci yeri tutan Belarus atletləri Aleksandr Baqdanoviç və Andrey Baqdanoviç yarışda həyəcanlı olsalar da, mübarizəni sona kimi davam etdirə bildiklərini qeyd ediblər: "Rəqiblərimiz dünyanın ən güclü atletləri idi. Bu yarış bizim üçün çox önəmli idi. Güclülərlə mübarizə aparmaq çətin olsa da təcrübə baxımından vacibdir. Biz iki qardaş bu yarışlara ciddi hazırlaşmışdıq. Nəhayət burada gücümüzü göstərə bildik. Son 100 metrdə var gücümüzlə çalışaraq qalib gəldik. Bu möhtəşəm yarışlarda qızıl medal qazanmaq bizə qürur verir".