Sabirabadda yol qəzası: ölən və yaralananlar var
Sabirabadda ağır avtoqəza baş verib. Nəticədə sürücü ölüb, 2 nəfər yaralanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Şəhriyar qaçqın düşərgəsində məskunlaşan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Səfərəlizadə Ülvi Rafiq oğlu idarə etdiyi "VAZ 2107" markalı 54 BH 488 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - Sabirabad rayonunun Nərimankənd sakinləri, 1991-ci il təvəllüdlü Nadirov Ramin Ağacan oğlu və 1991-ci il təvəllüdlü Fərəcov Haldun Zəkulla oğlu ağır kəllə-beyin travması ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Onların vəziyyəti ağır olduğundan, Bakı şəhərindən neyrocərrahlardan ibarət həkim briqadası çağırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.