Tərtərdə yeni yaşayış binası Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanan 5731 nəfər əlil və şəhid ailəsinin mənzillə təmin edilməsi prosesi davam edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, hazırda Bakıda, Beyləqan, İmişli və Şamaxı rayonlarında tikinti işləri aparılır. Çoxmənzilli binalarla yanaşı, kənd rayonlarında da çoxmərtəbəli bina və fərdi evlər inşa edilir.
Səlim Müslümov Tərtərdə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi tədbirində bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ev ehtiyacı olan bütün müharibə əlilləri və şəhid ailələrinin problemi həllini tapacaq.
Nazir bildirib ki, hazırda Bakıda 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınıb və yüksək səviyyədə təmir edilir. Bundan əlavə, müxtəlif rayonlarda da eyni kateqoriyadan olan çoxlu sayda fərdi evlər inşa olunur.
Nazir sonda yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib, onlara bu mənzillərdə xoşbəxt və firavan həyat sürməyi, vətənimiz, dövlətimiz üçün layiqli övladlar böyütməyi arzulayıb.