Bürünc medallı triatlonçumuz: "Nəticələrdən çox razıyam"

"Sözsüz ki, nəticələrdən çox razıyam. Bu, mənim üçün ciddi uğurdur. Yarışlara çox ciddi hazırlaşmışdıq, bu baxımdan nəticə hazırlıq səviyyəsinə uyğun sayıla bilər".

 

Bunu APA TV-yə  açıqlamasında I Avropa Oyunlarında triatlon yarışları üzrə bürünc medalın sahibi Rostislav Pevtsov deyib.

 

"Yarış təbii ki, çətin oldu, var gücümü sərf etdim. Azərbaycanlı azarkeşlər məni dəstəkləyirdi, onlara çox təşəkkür edirəm. Üçüncü olmağıma bu amil çox kömək etdi. Növbəti hədəfim Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməkdir" - deyə o qeyd edib.

 

5 ildir triatlonla məşğul olan Rostislav Pevtsov iki dəfə Dünya Kubokunun mükafatçısı olduğunu, gümüş medal qazandığını deyib: "Bu yarış növü ölkəmizdə yenidir. Amma buna baxmayaraq, mən illərdir bu növdə yarışıram. Avropa çempionatını estafetdə udmuşam. Avropa, Amerika, Asiya kuboku yarışlarında mükafatçı olmuşam. Amma bu gün əldə etdiyim mükafat ən ciddi mükafatdır".

 

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, triatlon idman növü artıq bir ildir Azərbaycanda inkişaf edib. Azərbaycan Federasiyası cəmi bir il əvvəl həm dünyada, həm də Avropada qeydiyyatdan keçib: "Bu bir ilin sonunda medal qazanmağımız onun sübutudur ki, ölkəmizdə bütün idman növlərinə diqqət yetirilir. Onun qələbəsi ilə gələcəkdə bu idman növünə marağı bir azda artırıb gənclərimizi ruh yüksəkliyinə qaldıracaq. Bu bizim uğurumuzdur".

 

Qeyd edək ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışı 3-cü pillədə bitirib. O, əvvəlcə velosipedlə 30 km, daha sonra 10 km qaçaraq, 1,5 km isə üzərək yarışı başa vurub.

 

 

Müəllif | Apa.Tv