Azərbaycan-Rusiya sərhədində yeni sərhəd zastavasının açılışı olub

 

Bu gün Qusar rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yaradılmasının  23-cü ildönümü ərəfəsində Qusar rayonunun Samur qəsəbəsində yerləşən “Samur” sərhəd zastavasının  açılışı və yeni inşa ediləcək sərhəd zastavasının təməlqoyma mərasimi keçirilib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, mərasimdə DSX rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov şəxsi heyəti zastavanın açılışı və Milli Qurtuluş günü münasibətilə təbrik edib. O, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli sərhəd siyasətinin  Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

 
DSX rəisinin birinci müavini hazırda xalqımızın daha bir bayramın - ilk dəfə keçirilən Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsinin qürurunu yaşadığını, bu oyunların Azərbaycanda keçirilməsinin prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsi olduğunu vurğulayıb.


Yeni sərhəd zastavasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra qonaqlar ikimərtəbəli binada yaradılan şəraitlə, əsgər yataqxanası, istirahət və təlim otaqları, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, anbarlarla tanış olublar. Müasir tələblərə cavab verən yeni sərhəd zastavasında sərhəd xidmətini yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün hər cür şərait yaradılıb.


Daha sonra yeni inşa ediləcək sərhəd zastavası kompleksinin təməlqoyma mərasimi keçirilib. Sonda DSX rəisinin birinci müavini və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv