Azərbaycan gimnastları Avropa Oyunlarının bürünc mükafatçısı oldu
Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib.
APA TV-nin məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.
26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatçısı olub.
6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.
Qeyd edək ki, fərdi yarışında Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov 69,665 xal yığıb.